Suraxanıda "Heydər Əliyev siyasəti: milli-mənəvi dəyərlərimizə qayıdış" mövzusunda konfrans keçirilib
Mayın 21-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: milli-mənəvi dəyərlərimizə qayıdış" mövzusunda konfrans keçirilib.
Tədbirdə Suraxanı RİH-in başçısı Əziz Əzizov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Milli Məclisin deputatı Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK və RİH-in məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi sahəsində xidmətlərindən söhbət açılıb. Qeyd edilib ki, Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlərboyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. O da diqqətə çatdırılıb ki, Ulu Öndərin azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti, milli-mənəvi dəyərlər əsas yer tutur. Bildirilib ki, azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbir müzakirələrlə davam edib, eyni zamanda DQİDK-nın sifarişi ilə çəkilmiş “Heydər Əliyev və din siyasəti” sənədli filmi nümayiş olunub.








