Sumqayıtda, Qusarda vətənpərvərlik və milli birlik mövzularında tədbirlər keçirilib
Regionlarda gənclərin və hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də milli-mənəvi dəyərlərin təbliği istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Oktyabrın 27-də Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissədə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Oktyabrın 28-də Qusar rayonunun Cibir kənd tam orta məktəbində DQİDK-nın Quba-Xaçmaz regional bölməsi, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Zəfərin güc mənbəyi – milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, xalqımızın nümayiş etdirdiyi sarsılmaz milli birlik və həmrəylikdən bəhs olunub. Bildirilib ki, milli-mənəvi və vətənpərvərlik dəyərlərinin gənclər arasında təbliği, şəhidlərimizin əziz xatirəsinin uca tutulması və qazilərimizin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə örnək göstərilməsi xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı hər bir vətəndaş üçün vətənpərvərlik nümunəsidir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





