Sumqayıt və Şəmkirdə yerləşən hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
Martın 12-də Şəmkir rayonunda yerləşən N saylı hərbi hissələrdə “Dini fanatizm, radikalizm və ekstremizmin fərdi və ictimai fəlakətləri”, “Müqəddəs mənbələrdə Vətənin müdafiəsi məsələləri” mövzularında maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri v.i.e Pərvin Zeynalov, şöbənin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin imamı Elmar Rzayev, eləcə də hərbçilər iştirak ediblər.
***
Martın 13-də Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin əməkdaşı Xalid Paşayev, şəhər “Cümə” məscidinin imamı Gülağa İsmayılov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışılıb. Eyni zamanda hərbi hissələrdə keçirilən maarifləndirmə tədbirlərinin hərbçilərin vətənpərvərlik ruhunun daha da yüksəlməsinə müsbət təsir etdiyi diqqətə çatdırılıb, dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirlərindən də bəhs olunub.
Sonda hərbçilərin sualları cavablandırılıb.



