Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.08.2026 / Bölgə xəbərləri

Siyəzəndə və Zaqatalada maarifləndirmə tədbirləri keçirilib

Avqustun 26-da Siyəzən və Zaqatala rayonlarında dini və mənəvi dəyərlərin qorunması, cəmiyyətdə sağlam mənəvi mühitin formalaşdırılması, eləcə də müxtəlif zərərli hallara qarşı maarifləndirmənin gücləndirilməsi məqsədilə tədbirlər keçirilib.
Siyəzəndə Dini və milli dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir baş tutub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Cavanşir Əfəndiyev, Siyəzən şəhər “Cümə” məscidinin icma sədri Qənimət Pirəliyev, dini icma üzvləri və dindarlar iştirak ediblər.
Çıxışlarda dini və milli dəyərlərin cəmiyyətin mənəvi bütövlüyünün və milli kimliyinin qorunmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, xalqımızın zəngin milli-mənəvi irsinin, sağlam dini ənənələrinin qorunması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması mühüm vəzifələrdəndir. Dini radikalizm və ekstremizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs olunaraq, bu kimi zərərli ideoloji təsirlərin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Zaqatalada “Korrupsiya ilə mübarizədə mənəvi tarazlıq və dini dəyərlər” mövzusunda baş tutan tədbirdə isə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda korrupsiyanın cəmiyyətin sosial və mənəvi inkişafına mənfi təsir göstərən, ictimai etimada və ədalət prinsiplərinə xələl gətirən ciddi problemlərdən biri olduğu bildirilib. Vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə hüquqi və inzibati tədbirlərlə yanaşı, cəmiyyətdə dürüstlük, ədalət, vicdanlılıq, məsuliyyət və haqq prinsiplərinin möhkəmləndirilməsini də tələb edir. Eyni zamanda dini dəyərlərin insanlarda mənəvi məsuliyyət hissinin formalaşmasına, haqq və ədalət prinsiplərinə bağlılığın gücləndirilməsinə mühüm təsir göstərdiyi diqqətə çatdırılıb.
Tədbirlər çərçivəsində mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.