Siyəzəndə maarifləndirmə tədbiri keçirilib
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Siyəzən Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Siyəzən şəhər Cümə məscidi dini icmasının təşkilatçılığı ilə “Qızların təhsil almasının önəmi və erkən nikahın fəsadları: dini və hüquqi baxışlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Siyəzən şəhər Cümə məscidinin qadın dini ayinlərin icraçısı Əzimə Müzəffərova, Rayon İcra Hakimiyyətinin əməkdaşı Günel Ağayeva, şəhid ailələrinin üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qızların təhsilli olmasının vacibliyi vurğulanaraq Azərbaycan dövlətinin gender bərabərliyinin qorunmasında, qızların yüksək təhsil alaraq müxtəlif vəzifələrdə çalışmasında xüsusi plan və proqramlarının mahiyyətindən danışılıb. Eyni zamanda erkən nikah hallarının cəmiyyətimiz üçün mənfi fəsadlar yaratdığı diqqətə çatdırılıb. Tədbir iştirakçıları erkən nikahlarla bağlı qanunvericiliyin müvafiq maddələri haqqında da məlumatlandırılıb.

