Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.02.2025 / Bölgə xəbərləri

Siyəzəndə din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Fevralın 19-da Siyəzən şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Siyəzən Rayon İcra Hakimiyyətinin və Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Azərbaycan İlahiyyat İnstitutunun rolu”  mövzusunda tədbir keçirilib.

Azərbaycan İlahiyyat İnstitutunun 7 illiyinə həsr olunan tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Balabəy Balabəyov, şöbənin əməkdaşı Ramin Şirinov, Siyəzən şəhər “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 2018-ci ildə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Vurğulanıb ki, Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək, ilahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək, eləcə də milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutunun əsas missiyasıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.