Şirvan şəhərində din xadimləri üçün təlim keçirilib
Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.
Təlimdə DQİDK-nın məsul əməkdaşları Sənan Xəlilov, Samir Yoldaşov, Ramil Hikmət, İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, regionun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı terrorçuluğun maliyyələşdirilməsinə zəminin yaranmasının qarşısının alınması və bu istiqamətdə dini qurumların rolundan bəhs edilib. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən dini icmaların fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsi məqsədilə regionlarda din xadimlərinin iştirakı ilə mütəmadi belə tədbirlər həyata keçirilir.
Təlim iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.








