Şəmkirdə maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 6-da Şəmkir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauhid Hacıyev, Hərbi Polis Bölməsinin nümayəndəsi Rauf Eminli, eləcə də bölmənin şəxsi heyəti iştirak ediblər.
Çıxışlar zamanı hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyindən söhbət açılıb. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgərlərimizin 30 illik yurd həsrətinə son qoyması ilə nəticələnən şanlı Vətən müharibəsi xalqımızın birliyinin göstəricisi oldu. Eyni zamanda İslam dininin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

