Şəkidə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə edilib
Avqustun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgə qazılığının birgə təşkilatçılığı ilə Şəki şəhəri mərkəzi “Cümə” məscidində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Din xadimlərinin iştirakı ilə baş tutan tədbirdə DQİDK-nın Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov və QMİ-nin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov mövzu ətrafında çıxış ediblər.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.
Tədbirin sonunda din xadimlərini maraqlandıran suallar cavablandırılıb.


