Şəkidə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusu müzakirə olunub
Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, Universitetin Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov və tələbələr iştirak ediblər.
Çıxış edənlər dini radikalizm və ekstremizmin mahiyyəti, onların gənclərə təsir mexanizmləri, bu təsirlərə qarşı dövlətin gördüyü qabaqlayıcı tədbirlər barədə geniş məlumat veriblər. Eyni zamanda, yeniyetmə və gənclərin mənfi dini təsirlərdən qorunması istiqamətində maarifləndirmənin və düzgün dini biliklərin verilməsinin xüsusi əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, xalqımızın əsrlər boyu formalaşan tolerantlıq ənənələri, multikultural dəyərləri və milli-mənəvi irsi gənclərin dünyagörüşündə mühüm yer tutmalıdır. Natiqlər bu dəyərlərin cəmiyyətdə və təhsil müəssisələrində daha fəal şəkildə təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
