Şəkidə “Müxtəlifliklərə hörmət və qarşılıqlı anlayış mədəniyyətinin təşviqi” mövzusunda tədbir keçirilib
İyulun 24-də Şəki Regional Elmi Mərkəzdə “Müxtəlifliklərə hörmət və qarşılıqlı anlayış mədəniyyətinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki-Zaqatala regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Kamil Adışirinov, Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Səbahət Bağırova, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, eləcə də elm işçiləri və din xadimləri daxil olmaqla 35 nəfər iştirak edib.
DQİDK-nın regional bölməsinin aparıcı məsləhətçisi S.Məmmədov çıxışında Azərbaycanın əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşərək müxtəlif xalqların və dinlərin sülh, mehriban qonşuluq şəraitində birgə yaşadığı nadir məkanlardan biri olduğunu diqqətə çatdırıb. O, ölkəmizin beynəlxalq aləmdə də nümunəvi multikulturalizm modeli kimi tanındığını vurğulayıb.
Digər çıxışçılar respublikamızda məscid, kilsə və sinaqoqların yanaşı fəaliyyət göstərməsini, müxtəlif dini icmalara dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsini tolerantlıq ənənələrimizin bariz sübutu kimi qiymətləndiriblər. Qeyd olunub ki, dünyada dini və milli zəmində qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycandakı qarşılıqlı hörmət və anlaşma mühiti xalqımızın yüksək mənəvi dəyərlərinin göstəricisidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





