Şəkidə “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusu müzakirə olunub
Avqustun 3-də Şəki şəhər Səməd Vurğun adına Folklor evində “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki-Zaqatala regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Şəki şəhəri üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Səbahət Bağırova, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, eləcə də mədəniyyət işçiləri və din xadimlərindən ibarət 35 nəfər iştirak edib.
DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov bildirib ki, multikulturalizm müxtəlif dinlərin, dillərin, milli və etnik qrupların qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşamasını ifadə edir. O vurgulayıb ki, Azərbaycanda bu dəyərlər əsrlər boyu formalaşmış həyat tərzinə çevrilib, müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmalar uzun illərdir sülh şəraitində yaşayırlar. S.Məmmədovun sözlərinə görə, ölkəmizin müxtəlif bölgələrində müxtəlif dinlərə məxsus ibadət məkanlarının qorunub saxlanılması və bərpası dövlətin bütün dini irsə bərabər münasibət bəslədiyinin bariz nümunəsidir.
Digər çıxış edənlər dini memarlıq nümunələrinin sadəcə binalardan ibarət olmadığını, onların xalqların yaddaşı və tarixin canlı şahidi olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, məscidlər, kilsələr və sinaqoqlar birgə Azərbaycanın zəngin mənəvi irsini təcəssüm etdirir. Çıxışçılar dini abidələrin qorunmasının sülhə, tolerantlığa və milli kimliyə verilən dəyərin göstəricisi olduğunu bildirərək, bu irsi gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




