Samux və Ucarda dini radikalizmlə mübarizə mövzusu müzakirə edilib
Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Qarayeri qəsəbə 2 saylı tam orta məktəbində “Dini radikalizmlə və fanatizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, rayon Veteranlar Şurasının sədri Məmməd Nəsibov, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Daha bir maarifləndirmə tədbiri Ucar şəhər 5 saylı tam orta məktəbində baş tutub. DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsi, Ucar RİH, Rayon Polis Şöbəsi (RPŞ) və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər və dini radikalizmin fəsadları" mövzusunda keçirilən tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar RPŞ-nin əməkdaşı Xəqani Vahidov, müəllim və şagirdlər qatılıblar.
Çıxış edənlər dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat veriblər. Eyni zamanda gənclərin, yeniyetmələrin radikal dini təsirlərdən, eləcə də zərərli vərdişlərdən qorunmasının vacibliyi qeyd edilib, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


