Şamaxıda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib
Aprelin 29-da Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Din xadimlərinin korrupsiya ilə mübarizədə və maarifləndirmədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amil Vəzirli, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb. Qeyd edilib ki, neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür. Bu səbəbdən vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

