Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2026 / Bölgə xəbərləri

Şamaxı, Oğuz, Astara və Gədəbəydə maarifləndirmə tədbirləri keçirilib

Aprelin 28-də tarixində Şamaxı şəhər “Cümə” məscidində “Müasir dövrdə milli-mənəvi dəyərlər və ailə institutu” mövzusunda maarifləndirici tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DQİDK-nın regional bölməsinin baş məsləhətçisi Cavid Əhmədov, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayonlarının din xadimləri, eləcə də dini icma nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı müasir dövrdə ailə institutunun üzləşdiyi qlobal çağırışlar, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və dini-mədəni irsin qorunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, ailə cəmiyyətin təməl sütunu olmaqla yanaşı, milli kimliyin qorunub saxlanılmasında müstəsna rol oynayır.

Aprelin 28-də Astara rayonunun Suparibağ kənd tam orta məktəbində “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, həmçinin məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər. Tədbirdə dini fanatizm və radikalizmin mahiyyəti, bu zərərli meyillərin fərd və cəmiyyət üçün yaratdığı təhdidlər barədə ətraflı məlumat verilib. Yad dini ideologiyalara qarşı immunitetin formalaşdırılmasının əhəmiyyəti qeyd edilərək, xalqımızın zəngin tolerantlıq ənənələri və multikultural dəyərləri xüsusi diqqətə çatdırılıb.

Aprelin 29-da Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə “Birgəyaşayış mədəniyyəti: sülh, hörmət və anlayış” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Samir Salehov, rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Əhməd Ağababayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Bildirilib ki, birgəyaşayış mədəniyyəti müxtəlif inanclı və fərqli düşüncəli insanların qarşılıqlı hörmət və sülh şəraitində yaşamasının əsasını təşkil edir. Sülhün yalnız təhlükəsizlik deyil, həm də nifrət və düşmənçilikdən uzaq, səmimi və etibarlı münasibətlər mühiti olduğu vurğulanıb, gənclər bu dəyərləri qorumağa çağırılıb.

 

Aprelin 30-da Gədəbəy rayonunda “Dini ibadət yerləri memarlıq irsimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşı Cavid Səfərov, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər. Çıxışlarda bildirilib ki, dini ibadət yerləri yalnız ibadət məkanı deyil, həm də xalqın tarixi-mədəni irsinin mühüm tərkib hissəsidir. Qeyd olunub ki, məscidlər və digər dini abidələr milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində xüsusi rol oynayır.