Salyanda “Zərərli vərdişlərə aludəçilik və onun yaratdığı həyati təhlükələr” mövzusunda tədbir keçirilib
Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) Şirvan-Salyan regional bölməsi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektoru və Salyan Peşə liseyinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə aludəçilik və onun yaratdığı həyati təhlükələr” mövzusunda Peşə liseyində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ülvi Zeynallı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fariz Əlişir, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Fariz Sadıqlı, “Qələbə” qazetinin əməkdaşı Əzizağa Məmmədli, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, Salyan rayon Peşə liseyinin direktoru Ruslan Fətullayev, liseyin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbir Vətənimizin suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra zərərli vərdişlər və onların yaratdığı fəsadlardan bəhs edən videoçarx izlənilib.
Çıxışlar zamanı yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, eləcə də gənclərin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsinin əhəmiyyəti qeyd olunub.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

