Salyanda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda maarifləndirici tədbir keçirilib
Oktyabrın 21-də Salyan rayonu Qarabağlı-1 kənd tam orta məktəbində “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri Sevinc Səmədova və Emin Ağayev, eləcə də məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Zəfər Günü Azərbaycan xalqının birlik, qəhrəmanlıq və vətənpərvərlik rəmzidir. Natiqlər Vətən müharibəsində qazanılan tarixi qələbənin dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdiyini vurğulayıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu Zəfər gənc nəsil üçün qəhrəmanlıq məktəbidir. Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dövlətə və orduya sədaqət hissinin gücləndirilməsinin vacibliyi də xüsusi qeyd olunub.