Salyanda yerləşən cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib
Avqustun 22-də Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində "Dini radikalizm, ekstremizm və məzhəbçilik" adlı maarifləndirmə tədbiri təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən cəzaçəkmə müəssisəsinin Tərbiyə işinin təşkili şöbəsinin rəis müavini Adil Ağayev keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətinə toxunaraq, dini radikalizm və onun fəsadları, eləcə də ona qarşı mübarizə üsulları haqqında danışıb. Qeyd edib ki, cəzaçəkmə müəssisələrində bu tip tədbirlərin keçirilməsi məhbusların maariflənməsində mühüm rol oynayır.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov dini radikalizm və ekstremizmə yol açan səbəblər, məzhəbçilik amilləri və ideoloji təsirlər barədə məlumat verib, Azərbaycanda dini radikalizmə qarşı mübarizənin qanun çərçivəsində aparıldığını və bu mübarizədə ən effektiv vasitənin maarifləndirmə işi olduğunu vurğulayıb. S.Xəlilov, həmçinin dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolundan və ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərindən bəhs edib.
Sonda QMİ-nin Salyan bölgəsi üzrə qazısı Hüsni Həsənov İslamın münaqişələrdən kənar, sülh və birgəyaşayış dini olmasından bəhs edib. Qeyd edib ki, hər kəsin dini düşüncəsi Vətənə sədaqət yolu ilə inkişaf etməlidir.