Salyanda məktəblilərin iştirakı ilə maarifləndirmə tədbiri təşkil olunub
Dekabrın 10-da Salyan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhəri 8 saylı tam orta məktəbində “Məktəblilərin dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, müəllim və məktəblilər iştirak ediblər.
Çıxış edənlər məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, gənclərin və yeniyetmələrin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

