Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.10.2017 / Bölgə xəbərləri

Salyanda maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Salyan rayonu Qarabağlı kənd “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəy dəyərlər” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, Qarabağlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Səməndər Xankişiyev, Salyan RİH başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vüqar Mürsəlov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov bildirib ki, Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi və dini sabitlik mövcudur. Dövlət-din münasibətlərindən danışan A.Sadıqov qeyd edib ki, ölkədə vicdan azadlığı təsbit edilib və müsəlmanlarla yanaşı, başqa dinlərin nümayəndələri üçün də bərabər şərait yaradılıb.
Daha sonra Salyan RİH başçısı Aparatının nümayəndəsi Aqşin Babayev bildirib ki, Azərbaycanda dini zəmində problemlər və qarşıdurma yaratmaq cəhdləri heç bir nəticə verə bilməz. Belə ki, milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan toplumu İslam dininə xələl gətirən zərərli cərəyanların yayılmasına birmənalı şəkildə qarşı çıxır.
Salyan RİH başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vüqar Mürsəlov və “İmam Hüseyn” məscidi dini icmasının sədri Səməndər Xankişiyev çıxışlarında keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən, eləcə də dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs ediblər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.