Şabranda “Dində sosial ədalət və bərabərlik prinsipləri: hüquqi aspektlər” mövzusunda tədbir keçirilib
İyunun 11-də Şabran şəhərində “İnsan hüquqları aylığı” çərçivəsində “Dində sosial ədalət və bərabərlik prinsipləri: hüquqi aspektlər” mövzusunda tədbir təşkil olunub. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vasif Əhmədov, DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Elxan Əsgərov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir və dini müxtəliflik müsbət dəyərləndirilir. Müstəqillik dövründə ölkədə dini və etnik tolerantlıq mühitinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaş dinindən, irqindən və dilindən asılı olmayaraq qanun qarşısında bərabərdir və hüquqları tam şəkildə qorunur.
Həmçinin bildirilib ki, ölkə Prezidenti İlham Əliyev multikulturalizmi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahəyə xüsusi önəm verilir.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.



