Sabirabadda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilib
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyi və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdən öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, bu günün Ali Baş Komandanın qətiyyətli iradəsi və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində əldə olunduğunu bildiriblər. 30 illik həsrətə son qoyan bu şanlı tarixi zəfərdə Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərinin, yüksək peşəkarlığa malik rəşadətli Azərbaycan Ordusunun şücaətinin və xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəyliyin önəmi diqqətə çatdırılıb.
Vurğulanıb ki, xalq-ordu birliyi, müzəffər əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin müqəddəs qanı hesabına torpaqlarımız işğaldan azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Sonda tədbir iştirakçıları maraqlandıran suallar cavablandırılıb.