Sabirabadda dini radikalizmə qarşı mübarizə mövzusuna həsr olunmuş tədbir keçirilib
Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri” mövzusunda zona toplantısı keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Bakı İlahiyyət Kollecinin direktoru Mehman İsmayılov, İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis əvəzi Elçin Qiyasov, Sabirabad Gənclər Evinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, gənclər və könüllülər iştirak ediblər.
Öncə “Heydər Əliyev və din siyasəti” mövzusunda sənədli film nümayiş olunub.
İki hissədən ibarət olan tədbirdə regiondakı dini durum, eləcə də dini radikalizmə qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlıq mövzusunda müzakirələr aparılıb. Çıxışlarda gənclər arasında radikalizm və ekstremizm meyllərinin qarşısının alınması, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin əhəmiyyətinə toxunulub.
Sonda mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib və gənclərin sualları cavablandırılıb.







