Saatlıda “Uşaq hüquqları aylığı” çərçivəsində “Bərabər imkanlar və inklüziv cəmiyyət” mövzusunda tədbir keçirilib
Noyabrın 13-də Saatlı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə sektoru və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı çərçivəsində — Bərabər imkanlar və inklüziv cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Mil-Muğan regional bölməsinin məsləhətçisi vəzifəsini icra edən Elvin İbrahimov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə sektorunun baş məsləhətçisi Əmrah Əhmədov, Saatlı rayonu Şirinbəy kənd məscidinin dini icma sədri və imamı Mürsəl Bədirov, Qara Nuru kəndi “Fatimeyi-Zəhra” məscidinin dini icma sədri və imamı Mahir Abıyev, məktəbin direktoru Mahmud Cavadov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxışlarda vurğulanıb ki, uşaq hüquqlarının müdafiəsi cəmiyyətin əsas prioritet istiqamətlərindən biridir və hər bir uşağın sağlam, təhlükəsiz və bərabər imkanlara malik mühitdə yaşaması dövlət siyasətinin əsas prinsiplərindəndir.
Çıxışçılar inklüziv təhsilin əhəmiyyətindən bəhs edərək, hər bir uşağın fərdi xüsusiyyətlərindən asılı olmayaraq təhsilə bərabər çıxış imkanına malik olmasının vacibliyini diqqətə çatdırıblar. Tədbirin məqsədinin gənclərdə sosial məsuliyyət hissini artırmaq, birgə fəaliyyətin əhəmiyyətini önə çəkmək və inklüziv dəyərləri təşviq etmək olduğu bildirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.