Saatlıda maarifləndirmə tədbiri keçirilib
İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məhərrəmlik mərasimləri ilə bağlı kütləvi dini mərasimlərin keçirilməsi zamanı ictimai asayişin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Selnur Şahmarov, Saatlı rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir. Eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və təkliflər səsləndirilib.

