Saatlıda Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib
Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayon “Gənclər Evi” sosial xidmət müəssisəsi, rayon Heydər Əliyev mərkəzi və Mərkəziləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçlığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, təşkilatçı qurumların nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Vurğulanıb ki, ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərdir əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu vardır.

