Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.01.2024 / Bölgə xəbərləri

Respublikamızın bölgələrində pravoslavlar Milad bayramını qeyd ediblər

Xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Milad bayramı ilə əlaqədar bu il yanvarın 6-dan 7-nə keçən gecə Bakıda və bölgələrdə yerləşən bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib. 

Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində keçirilən tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Xatırladaq ki, Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.

***

Milad bayramı Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində də qeyd olunub. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar. Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Vurğulanıb ki, Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov bildirib ki, İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı hər il yüksək səviyyədə qeyd olunur.  Qeyd edək ki, Xaçmaz şəhərindəki “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsi 1946-cı ildən fəaliyyət göstərir.

 

***

Daha bir tədbir isə Qəbələ rayonunun Nic qəsəbəsində baş tutub. Alban-Udi xristian dini icmasının sədr müavini və kilsənin keşişi Rafiq Danakari Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün Azərbaycanda yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin bayram təbriki səsləndirilib. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb. Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. Qəsəbə sakinləri Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasının tolerantlığa bariz nümunə olduğunu qeyd edərək deyiblər ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli sayılır. Xatırladaq ki, altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3500-dən çox udi yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qəsəbədə üç kilsə və iki məscid var.

 

***

İsmayıllı rayonunun İvanovka kəndində Milad bayramı qeyd edilib. "Molokan-ruhani-xristian" dini icmasına məxsus ibadət evində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra dini heyət Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub.

 

***

Sumqayıt şəhərində yerləşən “Müqəddəs Sarovlu Serafim” pravoslav kilsəsində də Milad bayramı qeyd olunub. Bayram tədbirində kilsənin keşişinin iştirakı ilə dini ayinlər icra olunub. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların ruhuna dualar oxunub.

 

 

(AZƏRTAC, APA)