Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.05.2026 / Bölgə xəbərləri

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir

Mayın 14-də Qazax rayonu Çaylı kənd 2 saylı tam orta məktəbində “Birlikdə yaşamaq mədəniyyəti: tolerant və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, müəllimlər və məktəblilər iştirak ediblər.

Mayın 14-də Balakən rayonu akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbində “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, ictimaiyyət nümayəndələri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Mayın 14-də Cəlilabad şəhər 2 saylı tam orta məktəbində isə “Sağlam gənclik naminə erkən evlilik və narkomaniyaya yox deyək” mövzusu müzakirə olunub. Tədbirə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşı Cavidan Rəşidov, Rayon Gənclər və İdman Sektorunun əməkdaşı Salamat Nəcəfov, rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Qorxmaz Əliyev, müəllimlər və şagirdlər qatılıblar.

Daha bir tədbir mayın 14-də Astara rayonu Vaqo kənd tam orta məktəbində “Dini radikalizm və onun mahiyyəti” mövzusunda baş tutub. Tədbirdə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşları Emin Həmidli, Famil Talıbov, Rayon Gənclər və İdman Sektorunun müdiri Rufan Şirinov, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Çıxışlarda gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və sağlam düşüncəli fərdlər kimi formalaşmasının vacibliyi vurğulanıb. Bildirilib ki, tolerantlıq, multikulturalizm və dini dözümlülük Azərbaycan cəmiyyətinin əsas dəyərlərindəndir və bu ənənələrin qorunub saxlanılması hər bir vətəndaşın məsuliyyətidir. Natiqlər dini radikalizm, fanatizm, erkən evlilik və narkomaniya kimi mənfi halların cəmiyyətə, xüsusilə də gənclərin gələcəyinə ciddi təhlükə yaratdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, belə hallara qarşı mübarizədə maarifləndirmə tədbirlərinin, məktəb və ailə əməkdaşlığının rolu böyükdür. Tədbirlər zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və mövzularla bağlı maarifləndirici məlumatlar verilib.