Respublikamızda 20 Yanvar faciəsi ilə əlaqədar silsilə anım tədbirləri keçirilib
20 Yanvar faciəsi ilə əlaqədar bölgələrdə silsilə tədbirlər həyata keçirilib.
Yanvarın 12-də Mingəçevir Peşə Məktəbində “20 Yanvar faciəsi-tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, ictimaiyyət nümayəndələri, müəllimlər və gənclər iştirak ediblər.
Yanvarın 16-da Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsi və Zərdab Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar - Ümumxalq Hüzn Günü: Azadlıq yolunun qəhrəmanları” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Sədi Hüseynov, rayonun mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yanvarın 16-da DQİDK-nın Lənkəran-Astara regional bölməsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər 3 saylı tam orta məktəbində “20 Yanvar - azadlığa aparan yol” mövzusunda tədbir təşkil olunub. Tədbirə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Həsən Hümbətov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.
Noyabrın 17-də Dövlət Komitəsinin Bakı regional bölməsi və Suraxanı rayon qazılığının birgə təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsində “20 Yanvar: Şəhidlik zirvəsi və mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib. Tədbir DQİDK-nın regional bölməsinin müdiri Anar Kazımov, bölmənin əməkdaşı Aqil Əlisoy, QMİ-nin qazısı Qurban Əliyev, din xadimləri və icma sədrlərinin iştirakı ilə baş tutub.
Yanvarın 19-da Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında fəaliyyət göstərən din xadimləri, eləcə də qeyri-müsəlman dini konfessiyaların nümayəndələri Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Anım tədbiri şəhər “Cümə” məscidində davam etdirilib.
Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı "Azadlığa gedən yol!" mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, müəllimlər və tələblər iştirak ediblər.
Daha bir anım tədbiri yanvarın 19-da Oğuz rayonunda baş tutub. Tədbirə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Yanvarın 19-da Dövlət Komitəsinin Gəncə–Daşkəsən regional bölməsi və Gəncə şəhəri “İmamzadə” ziyarətgah məscidi dini icmasının birgə təşkilatçılığı ilə “20 Yanvar - xalqımıza qarşı törədilən terror” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Həsən Məmmədov, QMİ-nin bölgə qazısı, Qazilər Şurasının üzvü Tahir Abbasov, dini konfessiyaların nümayəndələri, din xadimləri və dini icma üzvləri iştirak ediblər.
Yanvarın 20-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım tədbirləri keçirilib. Dövlət Komitəsinin regional bölməsinin nümayəndələri, bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbirlərdə şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Yanvarın 20-də anım tədbirləri Şirvan şəhərində, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında da baş tutub. Anım tədbirlərinə DQİDK-nın regional bölməsinin əməkdaşları, din xadimləri və dini icma sədrləri qatılıblar.
Anım tədbirləri yanvarın 20-də DQİDK-nın regional bölmələrinin nümayəndələri, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Dağlıq Şirvan, Qarabağ, Mil-Muğan və Lənkəran-Astara bölgələrində keçirilib.
Çıxışlarda 20 Yanvar hadisələrinin respublikamızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixində əbədi qəhrəmanlıq salnaməsi olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək və şəhidlər vermək əzmini bütün dünyaya nümayiş etdirib. Qeyd olunub ki, bu faciəyə ilk siyasi-hüquqi qiymət Ümummmilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər informasiya blokadasının mövcud olduğu çətin bir dövrdə imperiya rəhbərliyinin hadisələri ört-basdır etmək cəhdlərinə qarşı çıxaraq Azərbaycanın haqq səsini qətiyyətlə müdafiə edib. O da diqqətə çatdırılıb ki, Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini daim dərin ehtiramla yad edir.
Qeyd edək ki, ölkəmizin bütün məscidlərində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.

















