Regionlarda “Sülh Aylığı” çərçivəsində tədbirlər keçirilib
Bölgələrdə “Sülh Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.
Sentyabrın 14-də İsmayıllı rayonunda “Sülh aylığı” çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda baş tutan tədbirə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nurtən Əkbərli, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, ictimaiyyət nümayəndələri və gənclər qatılıblar.
Şirvan şəhərində də maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, din xadimləri və icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, insanlar arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir.
Tədbirlər müzakirələrlə davam edib.
***
Sentyabrın 15-də Kürdəmir şəhər "İmam Rza " məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazılığının birgə təşkilatçılığı ilə "Sülh aylığı " çərçivəsində “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub. Ölkəmizdə mövcud olan tolerantlıq mühiti barədə geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

