Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.05.2026 / Bölgə xəbərləri

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələrinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrində dini dəyərlərin qorunması, radikalizmlə mübarizə və gənclərin mənəvi tərbiyəsi mövzularında silsilə tədbirlər keçirilib.
Mayın 13-də Goranboy rayonunda “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Kürdoğlu Abbasov, rayon Gənclər və İdman sektorunun əməkdaşı Vüqar Xəlilov və gənclər iştirak ediblər.
Mayın 13-də Qobustan şəhəri A.Qayıblı adına 3 saylı tam orta məktəbdə “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusu müzakirə edilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİH-nin əməkdaşı Gülnar Mehdiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Mayın 13-də Qusar rayonunun Gədəzeyxur kənd tam orta məktəbində “Gənclərin zərərli və pis vərdişlərdən qorunmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, RİH-nin sektorunun müdiri Kamran Sədullayev, məktəbin direktoru Zərifə Davidova, din xadimləri, gənclər və yeniyetmələr qatılıblar.
Mayın 14-də isə Sabirabad rayonunda “Qurban bayramı: həmrəylik və mənəvi birlik” mövzusuna həsr olunmuş tədbir baş tutub. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Cavanşir Bəhrəmov, Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində inkişafı, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə düzgün aşılanması prioritet məsələlərdəndir. Natiqlər qeyd ediblər ki, cəmiyyətin mənəvi sütunlarını sarsıdan dini fanatizm, radikalizm və digər zərərli vərdişlərlə mübarizədə maarifləndirmə tədbirlərinin rolu əvəzsizdir. Bildirilib ki, gənclərin təhsildən yayınması və yad təsirlərə məruz qalması sosial fəsadlara yol aça bilər, buna görə də onların vətənpərvərlik ruhunda, elmə və milli köklərə bağlı yetişməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, mənəvi dəyərlərin xalqımız arasında həmrəylik, birgəyaşayış və humanizm ideyalarını daha da möhkəmləndirdiyi diqqətə çatdırılıb.