Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələri və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə Bakıda və bölgələrdə müxtəlif mövzulara həsr olunmuş silsilə maarifləndirici tədbirlər keçirilib.
Mayın 16-da Tovuz Dövlət Peşə Təhsil Mərkəzində “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, müəllimlər və gənclər iştirak ediblər.
Mayın 18-də Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbində “Dini radikalizm və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirdə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha bir tədbir mayın 19-da Sabunçu Gənclər Evində keçirilib. “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusuna həsr olunan tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, bölmənin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, din xadimləri, müəllimlər, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Mayın 19-da Bərdə şəhəri Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə “Dini dözümlülüyün təbliğində təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, Rayon Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov, Bərdə şəhər “Cümə” məscidinin imamı Ramazan Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mayın 19-da Göyçay rayonunda yerləşən “Mərkəz” məscidində “Qurban bayramı – yardımlaşma və mənəvi birlik günü” mövzusu müzakirə olunub. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, din xadimləri və icma sədrləri iştirak ediblər.
Mayın 20-də Ağdaş şəhərindəki “Hacı İsmayıl” məscidində “Qurban bayramı: həmrəylik və mənəvi birlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Səbuhi Musayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Əli Məmmədov, din xadimləri və icma sədrləri iştirak ediblər.
Çıxışlarda dini radikalizm, fanatizm və ekstremizmin cəmiyyətin sabitliyinə, ailə institutuna və gənclərin sağlam düşüncə tərzinə yaratdığı təhlükələrdən bəhs olunub. Bildirilib ki, milli-mənəvi dəyərlərin qorunması, dini dözümlülük ənənələrinin təbliği və sağlam dini maarifləndirmə müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Natiqlər tərəfindən Azərbaycanın multikultural və tolerant dəyərlərə əsaslanan dövlət siyasətinin önəmi vurğulanıb, gənclərin zərərli ideoloji təsirlərdən qorunmasında təhsil müəssisələrinin, ailənin və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, dini etiqad azadlığının insan hüquqlarının əsas tərkib hissələrindən biri olduğu qeyd olunaraq, mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.











