Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələri və müvafiq dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkənin müxtəlif şəhər və rayonlarında gənclərin, hərbi qulluqçuların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.
Aprelin 22-də Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşları Pərvin İmanov, Ayıq Səmədov, məktəbin direktoru Hamlet Quliyev, müəllimlər və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Ailə dəyərləri və erkən nikahın sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə erkən nikahların cəmiyyətə vurduğu mənəvi, sosial və hüquqi zərərlər diqqətə çatdırılaraq gənclərin təhsilə yiyələnməsinin zəruriliyi vurğulanıb.
Aprelin 22-də Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbində “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat metodları” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbir Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, müəllim və şagirdlərin iştirakı ilə keçirilib. Natiqlər dini radikalizmə qarşı təbliğat metodları və sosial mediada təhlükəsizlik qaydaları barədə iştirakçılara geniş məlumat veriblər.
Aprelin 23-də Göygöl rayonu Mollacəlilli kənd tam orta məktəbində “Birlikdə yaşamaq mədəniyyəti: tolerant və multikultural dəyərlər” mövzusunda tədbir təşkil olunub. Tədbir Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Orxan Seyidov, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov, müəllimlər və məktəblilərin iştirakı ilə baş tutub. Çıxışlarda ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin tarixi köklərindən, müxtəlif dinlərin və millətlərin birgə yaşamasının cəmiyyətin inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Aprelin 23-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Səbuhi Musayev, din xadimləri və gənclərin iştirakı ilə “Dini ibadət yerləri memarlıq irsimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib. Çıxışlar zamanı dini abidələrin xalqımızın mənəvi dünyasının canlı şahidi olduğu və bu irsin qorunmasına dövlət tərəfindən xüsusi önəm verildiyi qeyd edilib.
Aprelin 23-də Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, hərbi hissənin ideoloji iş üzrə köməkçisi Mehman Qasımov, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov eləcə də hərbçilər iştirak ediblər. Çıxışlarda dini radikalizmin mahiyyəti, yeniyetmə və gənclərin kənar təsirlərdən qorunması və milli-mənəvi dəyərlərin təbliği məsələlərindən bəhs olunub.





