Regionlarda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
Yanvarın 21-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 7 nömrəli tam orta məktəbdə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Namiq Musayev, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Elvin Zalov, Rayon Polis İdarəsinin əməkdaşı Elbrus Əhmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Yanvarın 28-də tarixində Kürdəmir rayonunda Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsi, Kürdəmir RİH və Kürdəmir şəhəri “İmam Rza” məscidi dini icmasının birgə təşəbbüsü ilə “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda tədbir keçirilib. Tədbirə komitənin regional bölməsinin müdiri Natiq Əfəndiyev, Kürdəmir RİH-nin sektor müdiri Daşqın Rüstəmov, QMİ-nin bölgə üzrə qazısı Fizuli Cəfərov, din xadimləri, eləcə də dini icma sədrləri qatılıblar.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd ediblər. Eyni zamanda Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.


