Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.10.2026 / Bölgə xəbərləri

Regionlarda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) regional bölmələri, yerli icra hakimiyyəti orqanları, təhsil müəssisələri və digər aidiyyəti qurumların birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində dini maarifləndirmənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin təbliği, tolerantlıq və multikulturalizm prinsiplərinin təşviqi, habelə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində silsilə maarifləndirici tədbirlər keçirilib.

Qəbələ rayonu. Oktyabrın 7-də Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbində “Qarabağ zəfəri – mənəvi ucalıq və milli qürur” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdir müavini Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.

İsmayıllı rayonu. Oktyabrın 7-də İsmayıllı rayonunda “Gələcək nəsillər üçün örnək və əxlaqi dəyər – 44 günlük Vətən müharibəsi” mövzusunda tədbir baş tutub. Tədbirə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, şəhid ailələrinin üzvləri, təşkilatçı qurumların əməkdaşları, din xadimləri və gənclər qatılıblar. Görüşdə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, qəhrəmanlıq və fədakarlıq nümunələrinin gələcək nəsillərə aşılanması, milli-mənəvi dəyərlərin qorunması məsələləri diqqət mərkəzində olub.

Göyçay rayonu. Oktyabrın 7-də “Tolerantlıq ənənələrinin yaşadılmasında ibadət evlərinin önəmi” mövzusunda seminar keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, din xadimləri, dini icma sədrləri və icma üzvləri iştirak ediblər.

Tovuz rayonu. Oktyabrın 8-də Adil Qasımov adına tam orta məktəbdə “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

İmişli rayonu. Oktyabrın 8-də İmişli rayonunda  “Müstəqilliyin bərpası: tarixi yol və dövlətçilik prinsipləri” mövzusunda maarifləndirici görüş təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin baş məsləhətçisi vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Fərəcov, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının məsləhətçisi Sahibə Alışanova, rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Şamil Cəbrayılov, İmişli şəhəri “Cümə” məscidinin imam müavini Nurəddin İsmayılov və gənclər iştirak ediblər.

Cəlilabad rayonu. Oktyabrın 8-də “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirdə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşı Cavidan Rəşidov, Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Özal Kazımov, rayon Gənclər və İdman sektorunun əməkdaşı Salamat Nəcəfov və tələbələr iştirak ediblər.

Qusar rayonu. Oktyabrın 8-də Əniq kənd tam orta məktəbində “Dövlət suverenliyi – milli və dini həmrəylik kontekstində” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Daşkəsən rayonu. Oktyabrın 9-da “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

Gədəbəy rayonu. Oktyabrın 9-da Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Qarabağ zəfəri - mənəvi ucalıq və milli qürur” mövzusunda tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qədir Bağırov, Regional Təhsil İdarəsinin əməkdaşı Jalə Tağıyeva, orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda milli-mənəvi dəyərlərin qorunmasının, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının, tolerantlıq və multikulturalizm prinsiplərinin təşviqinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, dini radikalizm və ekstremizmin cəmiyyət üçün yaratdığı təhlükələr, bu cür halların qarşısının alınmasında maarifləndirmənin rolu, dini və milli həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə diqqət çəkilib. Bildirilib ki, gənclərin sağlam dünyagörüşünə malik, milli-mənəvi dəyərlərə sadiq və dövlətçilik prinsiplərinə bağlı vətəndaşlar kimi formalaşması cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Həmçinin tarixi Zəfərin, müstəqillik ənənələrinin və Azərbaycanın zəngin multikultural irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.