Qusarda yerləşən hərbi hissədə “Milli-mənəvi həmrəyliyimiz və Vətən sevgisi” mövzusunda tədbir keçirilib
İyulun 23-də Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Milli-mənəvi həmrəyliyimiz və Vətən sevgisi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Gənc əsgərlər və hərbi qulluqçular üçün nəzərdə tutulmuş tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Fəzayıl Əliyev, Qusar şəhər “Mustafa Kazdal” məscidinin imamı və dini icma sədri Fəryaddin Rəhimxanov, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Çıxışçılar milli-mənəvi dəyərlərin yaşadılması, gələcək nəsillərə ötürülməsi və bu dəyərlərə sadiqliyin xalqın varlığı üçün həyati əhəmiyyət daşıdığını bildiriblər. Vurğulanıb ki, tarixən ölkəmizdə mövcud olan tolerantlıq, birgəyaşayış mühiti və Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı Azərbaycançılıq məfkurəsi 44 günlük Vətən müharibəsində Qələbəni şərtləndirən əsas amillərdən olub. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının Vətən uğrunda bir yumruq kimi birləşdiyi xüsusi nəzərə çatdırılıb.
Tədbir hərbi qulluqçuları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.



