Qusarda “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsində rolu” mövzusunda tədbir keçirilib
Noyabrın 14-də Qusar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba - Xaçmaz regional bölməsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsində rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə Gənclər və idman sektorunun müdir müavini Ramin Məmmədov, Qusar Peşə Liseyinin əməkdaşı Lamiyə Abdullayeva, pedaqoqlar və gənclər iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək qoruyub saxlayıb və gənc nəslə ötürüb. Tolerantlıq, birlik və həmrəylik, Vətənə sevgi, azərbaycançılıq kimi milli-mənəvi dəyərlərimiz sülhün və qarşılıqlı hörmətin qorunmasında mühüm amillər kimi əhəmiyyət daşıyır. Bu cəhətdən, multikulturalizm və tolerantlıq Azərbaycanı bütün dünyada sülhün təminatçısı kimi tanıdan yüksək mənəvi dəyərdir. Bu dəyərlər özünü ölkəmizdə müxtəlif dini icmalar və xalqlar, etnoslar arasında olan tolerantlıq, qarşılıqlı anlaşma və sülh nümunəsində göstərir. Azərbaycan dövləti unikal dövlət olaraq müxtəlif dinlərin və etnik xalqların bir yerdə qardaşlıq şəraitində yaşadığı məkandır.


