Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.06.2025 / Bölgə xəbərləri

Qusarda “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

İyunun 5-də Qusar rayonu Köhnə Xudat kənd tam orta məktəbində “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Fərid Məmmədov, Köhnə Xudat kənd tam orta məktəbinin direktoru Vüqar Səfərbəyov, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və məktəbin şagirdləri iştirak ediblər.

Çıxış edənlər Azərbaycan dövlətinin gənc nəslin Vətənə məhəbbət, milli kimlik və soykökə sədaqət ruhunda tərbiyə olunmasına hər zaman xüsusi önəm verdiyini vurğulayıblar. Bildirilib ki, milli-mənəvi və əxlaqi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi xalqımızın keçmişinə və kimliyinə bağlılığın ifadəsidir. Bu dəyərlərə sadiqlik və onların təbliği Azərbaycanın gələcəyi naminə mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, tarix boyu Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərə söykənərək ağır sınaqlardan uğurla çıxmış, öz dövlətçilik ənənələrini və milli kimliyini qoruyub saxlamışdır. Gənclərin bu dəyərlər əsasında tərbiyə olunması isə onların sağlam mənəvi inkişafını və vətənpərvərlik ruhunun formalaşmasını təmin edir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.