Qusarda dini radikalizm mövzusu müzakirə olunub
Fevralın 10-da Qusar rayonu Avaran kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Qusar Rayon İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların uşaqların həyatına və hüquqlarına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlarda radikal və ekstremist dini cərəyanların cəmiyyət, xüsusilə də uşaqlar və yeniyetmələr üçün yaratdığı təhlükələrdən bəhs olunub. Qeyd edilib ki, bu cür zərərli ideologiyalar uşaqların sağlam inkişafına, təhsilinə, dünyagörüşünə və hüquqlarına mənfi təsir göstərir, onların sosial mühitdən təcrid olunmasına və yanlış istiqamətə yönəlməsinə səbəb ola bilər.

