Qusarda “Dini dözümlülük və insan hüquqları” mövzusunda seminar təşkil olunub
Mayın 20-də Qusar rayonu Şirvanlı kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Dini dözümlülük və insan hüquqları” mövzusunda seminar keçirilib.
“İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Qusar rayonu Şirvanlı kənd tam orta məktəbinin direktoru Natiq Mehdiyev, yeniyetmələr və gənclər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında mənəvi dəyərlərimizin yeri danılmazdır. Xalqımız hər zaman gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, soykökünə sədaqət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq multikulturalizmi ölkəmizdə normal həyat tərzi kimi yüksək qiymətləndirir və bu istiqamətdə inkişafa dövlət səviyyəsində böyük dəstək verilir.
Sonda iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.


