Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.10.2025 / Bölgə xəbərləri

Qubada “Üçrəngli bayrağımız: milli qürurumuzun simvolu” mövzusunda tədbir keçirilib

Oktyabın 15-də Quba rayonu Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində Quba Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Üçrəngli bayrağımız: milli qürurumuzun simvolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Dövlət Komitəsinin regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, eləcə də müvafiq qurumların məsul şəxsləri, gənclər və yeniyetmələr iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi yad edilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi diqqətə çatdırılıb. Eyni zamanda suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan bəhs olunaraq qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasında vətəndaş hüquq və azadlıqları, o cümlədən dini azadlıqlar öz əksini tapmışdır. Milli-mənəvi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir. Vurğulanıb ki, dilimiz, dini inancımız, adət-ənənələrimiz, həmçinin tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti, tolerantlıq, vətənə sevgi, şəhidlik və qazilik kimi xüsusiyyətlərimiz milli-mənəvi dəyərlərimizdir. Bu dəyərlərə sadiqlik, onları yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənimizin və xalqımızın gələcəyi naminə vacib və əhəmiyyətlidir.