Qubada “Şuşa – İslam mədəniyyətinin paytaxtı” mövzusunda tədbir keçirilib
Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa - İslam mədəniyyətinin paytaxtı” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, dini icma üzvləri, din xadimləri, şəhid ailələri və qazilər iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün isə artıq işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi üçün möhtəşəm işlər görülür.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Mənəvi dünyamız: Şuşa” sənədli filmi nümayiş etdirilib.

