Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.06.2025 / Bölgə xəbərləri

Qubada “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər” mövzusunda tədbir keçirilib

İyunun 3-də Quba rayonu İkinci Nügədi kəndində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Quba rayonu İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri və məscidin imamı İlkin Qayıbov, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında mənəvi dəyərlərimizin yeri danılmazdır. Xalqımız tarixin ən çətin dövrlərində də öz zəngin milli-mənəvi irsini və adət-ənənələrini yad təzahürlərdən hifz edərək qoruyub saxlayıb, nəsildən-nəsilə ötürüb. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama əsaslanan, mənəvi saflığı, sülh və yardımlaşmanı əsas qayəsi hesab edən Azərbaycan xalqı tarixin ən kəşməkəşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalıb. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışıb.