Qubada maarifləndirmə tədbiri keçirilib
Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Talabıqışlaq kəndində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin əməkdaşı, RİH başçısının Talabıqışlaq kəndi üzrə nümayəndəsi Ələkbər İsmayılov, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, ağsaqqallar, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər.
Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilən “Vətən naminə” sənədli filmi nümayiş etdirilib.
Natiqlər bildiriblər ki, Azərbaycançılıq ideologiyasının yaranmasında Ümumilli Lider Heydər Əliyevin əvəzsiz rolu vardır. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. O da qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsidir.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat gənclərə hədiyyə edilib.

