Qubada dini radikalizm və ekstremizm mövzusu müzakirə olunub
Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH), II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, II Nügədi kənd “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Vətən naminə” sənədli filmi nümayiş etdirilib.
Çıxışlarda dini radikalizm və ekstremizmin mahiyyətindən və törədə biləcəyi fəsadlardan bəhs olunub. Bildirilib ki, radikal dini cərəyanlar öz təbliğatlarına hədəf kimi əsasən gəncləri seçirlər. Onları asanlıqla manipulyasiya obyektinə çevirdiyinə görə, gənc və yeniyetmələrin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

