Quba və Qusarda multikulturalizm mövzusuna həsr olunmuş maaarifləndirmə tədbirləri keçirilib
Fevralın 23-də Quba şəhərində yerləşən Cümə məscidində “Multikultural dəyərlər və dini memarlıq abidələri: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, “Cümə” məscidinin imamı Seyran Fərəczadə, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın multikulturalizm ənənələrinin tarixi köklərindən, ölkəmizdə müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşamasından bəhs olunub. O da qeyd edilib ki, dini memarlıq abidələri xalqımızın zəngin mənəvi irsinin tərkib hissəsidir və bu irsin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
*** *** ***
Fevralın 24-də Qusar rayonunun Hil kənd 1 saylı tam orta məktəbində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsində önəmi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, eləcə də Qusar şəhər “Mustafa Kazdal” məscidinin dini ayinlərin icraçısı Vadir Mustafayev iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti milli həmrəyliyin gücləndirilməsinə, cəmiyyətdə qarşılıqlı anlaşma və birgəyaşayış mədəniyyətinin təşviqinə mühüm töhfə verir. Natiqlər gənclərin bu dəyərlərə sadiq ruhda tərbiyə olunmasının əhəmiyyətini vurğulayaraq, tolerantlıq ənənələrinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıblar.