Quba, Şəmkir və Zərdabda maarifləndirmə tədbirləri keçirilib
Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları: dini etiqad azadlığı” adlı seminar keçirilib. Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Mayın 31-də Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsi, Şəmkir RİH, eləcə də rayon Təhsil şöbəsinin Şəmkir rayon Dəllər Cırdaxan kənd tam orta məktəbində birgə təşkil etdikləri "İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur" mövzusundakı maarifləndirici tədbirdə Komitənin şöbə müdiri Rasim Tağıyev, RİH nümayəndəsi Ruhid Hacıyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilir. Qeyd edilib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. O da bildirilib ki, dini etiqad azadlığının təmin olunması və tolerantlığın qorunması sahəsində Azərbaycan dünyada nümunəviliyi ilə seçilir.
Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb.
* * *
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Heydər Əliyev, Uşaq və Ailələrə Dəstək, eləcə də Mədəniyyət Mərkəzlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində Mərkəzində baş tutmuş tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Mərkəzin müdiri Ləman Səfərəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, uşaqlar, şəhid ailələri və qazilər iştirak ediblər.
Çıxış edənlər uşaqların bizim gələcəyimiz olduğunu qeyd ediblər. Vurğulanıb ki, tarixboyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi ən ümdə vəzifələrindən hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub.
Tədbirin sonunda konsert proqramı nümayiş olunub.




