Qəbələdə “Qurban bayramı: sosial həmrəylik, maddi və mənəvi dəstək” mövzusunda tədbir keçirilib
İyunun 4-də Qəbələ şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Qurban bayramı: sosial həmrəylik, maddi və mənəvi dəstək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşları Samir Salehov və Saleh Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Pərviz Ağayev, eləcə də Qəbələ rayonunda fəaliyyət göstərən dini icmaların üzvləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın dini etiqadına, milli adət-ənənələrinə və dini bayramlarına dövlət səviyyəsində yüksək diqqət və ehtiram göstərilməyə başlanıb. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada bütün dini konfessiyaların nümayəndələri üçün bərabər hüquqlar və azad imkanlar təmin olunub, dini ayinlər sərbəst şəkildə icra olunur, dini bayramlar qarşılıqlı hörmət və anlayışla qeyd edilir. Bu bayram günlərində müxtəlif dini icmaların nümayəndələri bir-birini təbrik edir, vahid Azərbaycan xalqının birliyini və mənəvi həmrəyliyini nümayiş etdirirlər.
Qeyd olunub ki, İslam dünyasının ən mühüm bayramlarından biri olan Qurban bayramı insanlara xeyirxahlıq, paylaşmaq, fədakarlıq, birlik və bərabərlik kimi ali dəyərləri aşılayır və cəmiyyətdə sosial həmrəylik ruhunu möhkəmləndirir.