Qəbələdə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib
Oktybarın 10-da Qəbələ rayonu Hikmət Rəşidov adına Vəndam qəsəbə 2 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, məktəbin müəllimləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qızların təhsildən yayındırılmasının ailə və cəmiyyət üçün mənfi nəticələri, bu halların qarşısının alınması üçün hüquqi mexanizmlər və maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, hər bir uşağın, xüsusilə qızların keyfiyyətli təhsil alması onların gələcək inkişafı, cəmiyyətə faydalı bir fərd kimi formalaşması üçün əsas şərtlərdən biridir.
İştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib və fikir mübadiləsi aparılıb.

