Qəbələ və Naftalanda məktəblilərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib
Yanvarın 13-də Qəbələ rayonu V.Qəhrəmanov adına 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin təşkilatçılığı ilə “Uşaqların tərbiyəsində dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Yanvarın 15-də isə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Naftalan şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə regional bölmənin əməkdaşı Kamal Ələkbərov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda məktəblilərin mənəvi dünyagörüşünə təsir göstərən əsas amillər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşünün düzgün istiqamətdə inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda uşaqların sağlam mənəvi dəyərlər əsasında formalaşmasının əhəmiyyətindən danışılıb, ailə və məktəbin bu prosesdə rolu vurğulanıb.